REGİONLAR
Məktəblilər tur-aksiyanın sonuncu günü həm əylənib, həm də intellektual oyunda iştirak ediblər
Qəbələ, 15 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların birinci mərhələsi uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Sabirabad, Saatlı, Zərdab, Biləsuvar, Cəbrayıl, Hacıqabul, Kürdəmir və Ucar məktəblilərindən ibarət 8 qrupun üzvləri noyabrın 15-də Qəbələdən yaşadıqları rayonlara yola düşüblər.
Şagirdlər yola düşməzdən əvvəl Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” adlı intellektual oyununda iştirak ediblər. Məktəblilərin bilik və bacarıqlarını nümayiş etdirdikləri oyun gərgin mübarizə şəraitində keçib. Ümumilikdə, 40-dan çox komandanın iştirak etdiyi oyunun nəticələrinə görə Saatlı məktəbliləri 1-ci, zərdablı şagirdlər 2-ci, Hacıqabul komandası isə 3-cü yerə layiq görülüb. Qaliblərə kubok, medal və sertifikatlar təqdim olunub.
Sonra tur-aksiya iştirakçıları “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində olublar. Məktəblilər müxtəlif oyun aparatları və attraksionlardan istifadə edərək əyləniblər.
Rayon icra hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri tərəfindən yola salınan tur-aksiya iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonra “Qafqaz Yeddi Gözəl” və “Qafqaz Karvansaray” otellərinin qarşısından şagirdləri aparan avtobus karvanı yola düşüb.
Qeyd edək ki, 8 rayondan olan 320 məktəbli tur-aksiyanın proqramına uyğun olaraq noyabrın 12-15-də Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan bu tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib. Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub. Ekskursiya zamanı məktəblilər gözəl təbiət qoynunda istirahət edib, mənzərəli guşələrdə xatirə şəkilləri çəkdiriblər.