ELM VƏ TƏHSİL
Məktəblilər üçün ekskursiyalar təşkil edilir
Bakı, 11 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri şagirdlərinin Bakı Gənclər Mərkəzinə ekskursiyaları təşkil edilir.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, ekskursiyaların əsas məqsədi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarətdir.
BŞTİ və “Sabunçu Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiyalarda Sabunçu rayonu üzrə məktəblərin şagirdləri iştirak edir.
Ekskursiya zamanı şagirdlər ilk olaraq müasirliyi ilə seçilən mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını, ictimai və siyasi fəaliyyətini əks etdirən muzeylə tanış olurlar. Mərkəzin əməkdaşları Ulu Öndərin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliğinin və öyrənilməsinin böyük əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verirlər. Şagirdlər virtual atıcılıq otağı, foto, rəsm, dizayn və poliqrafiya studiyaları, fortepiano, rəqs və intellektual oyun zalları ilə tanış olurlar. Məktəblilər mərkəzdə fəaliyyət göstərən kiçik konfrans zalı, gənclik kafesi, kompüter, xarici dil kursları, linqafon kabineti, şahmat otağı və elektron kitabxana ilə yaxından tanış olmaq imkanı qazanırlar.
Ekskursiyanın sonunda mərkəzin kinozalında məktəblilər üçün Azərbaycan tarixinə həsr edilən sənədli film nümayiş olunur.