ELM VƏ TƏHSİL


“Məktəblilər üçün muzey həftəsi” çərçivəsində ekskursiyalar

Bakı, 17 may, AZƏRTAC 

“Məktəblilər üçün muzey həftəsi” çərçivəsində paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, ekskursiyalar 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə reallaşdırılır. “Məktəblilər üçün muzey həftəsi”nin təşkil olunmasında məqsəd 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.

Qeyd edək ki, “Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə məktəblilər Heydər Əliyev Mərkəzi, “İçərişəhər” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqları, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Üzeyir Hacıbəylinin ev-muzeyi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi, “Qala” Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və digər məkanlar daxil olmaqla ümumilikdə 28 muzeyə ekskursiya edirlər.

Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olurlar.

Bundan əlavə, məktəblilər ekskursiya çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.