CƏMİYYƏT
Məktəblilər və könüllülərin iştirakı ilə keçiriləcək bir sıra yarışlarla bağlı niyyət protokolları imzalanıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Azərbaycan Məktəb İdmanları Federasiyası və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında niyyət protokolları və birgə təşkil ediləcək tədbirlərin əsasnamələrinin imzalanması mərasimi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tədbirdə çıxış edərək Heydər Əliyev Fondunun vitse–prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə “Abad həyət” layihəsi çərçivəsində son vaxtlar Bakının bir çox məhəllələrində görülən abadlıq işlərindən, müxtəlif idman qurğularının istifadəyə verilməsindən, nəticədə uşaq və yeniyetmələrin asudə vaxtlarında səmərəli təşkili üçün yaradılan əlverişli şəraitdən danışıb.
Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti, Milli Məclisin deputatı Sevinc Hüseynova məktəb yaşlı uşaq və yeniyetmələrin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsi, onlar arasında sağlam həyat tərzi və idman vasitəsilə sosial fəallığın artırılması, məhəllə idmanı üzrə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, həmçinin iştirakçılarda vətəndaşlıq və vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə Baş İdarə və Federasiyanın birgə təşkilatçılığı ilə keçiriləcək basketbol, məhəllə futbolu, stolüstü tennis, atletika, şahmat və dama üzrə yarışlar haqqında məlumat verib.
Çıxışlardan sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova birgə təşkil ediləcək tədbirlərin əsasnamələrini imzalayıblar.
Daha sonra Raqif Abbasov son illər ölkəmizdə könüllülük fəaliyyətinin formalaşaraq sürətlə inkişaf etdiyini, ölkəmizdə keçirilən birinci Avropa, dördüncü İslam Həmrəyliyi oyunları, Formula 1 yarışının əhəmiyyətini qeyd edib. O, XV Avropa Gənclər Yay Olimpiya Festivalında üç mindən çox Azərbaycan könüllüsünün fəaliyyət göstərdiyini ölkəmizdə bu hərəkatın inkişafının göstəricisi olduğunu vurğulayıb. Baş İdarə rəisi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hər zaman könüllülərin fəaliyyətinin yüksək qiymətləndirildiyini bu sahəyə verilən önəmin təzahürü olmaqla yanaşı, könüllüləri daha yüksək fəallığa da həvəsləndirdiyini bildirib.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə çıxışında idman və bədən tərbiyəsi sahəsində könüllülük fəaliyyətinin əlaqələndirilməsi, gələcəkdə idman tədbirlərinin təşkili və keçirilməsi üçün vahid idman könüllüləri bazasının formalaşdırılması məqsədilə təsis olunmuş İctimai Birlik haqqında ətraflı məlumat verib. O, ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları arasında həmrəyliyin təmini, bu qurumlarda fəaliyyət göstərən gənclərin bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa cəlb edilməsi, sağlam həyat tərzi və idman vasitəsilə sosial fəaliyyətin artırılması məqsədilə Baş İdarənin və İctimai Birliyin birgə təşkilatçılığı ilə keçiriləcək “Könüllülər Kuboku” layihəsinə daxil edilmiş basketbol, atletika, stolüstü tennis, şahmat, dama, mas-reslinq, peyntbol, boulinq və mini futbol üzrə yarışlardan danışıb.
Sonra Baş İdarənin rəisi Raqif Abbasov və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə birgə əməkdaşlıq barədə niyyət protokolunu və “Könüllülər Kuboku”nun əsasnamələrini imzalayıblar.