CƏMİYYƏT
Məktəblilər yol hərəkəti qaydaları barədə məlumatlandırılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi (DYP) İdarəsi yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, respublikanın təhsil müəssisələrində aparılan maarifləndirmə işlərinin daha geniş vüsət alması istiqamətində tədbirlərini davam etdirir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, Elm və Təhsil Nazirliyinin struktur qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti belə tədbir Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Bakı şəhər 187 nömrəli tam orta məktəbinin təmsilçiləri ilə birgə Abşeron rayon Məmmədli kənd tam orta məktəbində təşkil olunub.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis kapitanı Toğrul Nəsirli, polis leytenantı Elvin Hacıyev, polis serjantı Minarə Abdullayeva, eləcə də Bakı şəhər DYP İdarəsinin əməkdaşları polis baş leytenantı Pərvanə Muradova, polis leytenantı Rüstəm Əhmədli iştirak ediblər.
Valideynlərin də cəlb olunduğu tədbirdə, məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunub.
Tədbirdə Toğrul Nəsirli çıxış edərək “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat verib. O, bu sahədə həyata keçirilən təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.