İQTİSADİYYAT
Məktəblilərarası Avropa pul viktorinasına qeydiyyat başlayıb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə martın 12-də 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası” keçiriləcək.
ABA-dan AZƏRTAC-a bildirilib ki, “Avropa Pul Viktorinası” 28 Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır (ötənilki yarış və suallarla tanış olmaq üçün link: https://youtu.be/3DJtz2Aeyww). Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində qalib gələn iki nəfər Avropa finalında iştirak etmək hüququ qazanacaq. İstər milli, istərsə də Avropa finalının qaliblərini dəyərli hədiyyələr gözləyir.
İştirak şərtləri aşağıda göstərilib;
- iştirakçının yaşı 13-15 yaş aralığında olmalıdır. Yəni, 2021-ci il martın 12-də (milli final mərhələsində) 13 yaşını keçməli və 16 yaşı tamam olmamalıdır.
- hər iki mərhələ də ingilis dilində olacağı üçün iştirakçıların ingilis dili bilikləri yaxşı səviyyədə olmalıdır.
Qeyd edək ki, mövcud epidemioloji şərait səbəbindən viktorinanın milli və final mərhələsi onlayn platforma üzərindən təşkil ediləcək.
Viktorinanın istər milli, istərsə də Avropa finalı üzrə suallar ingilis dilində olacaq.
İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçərək müvafiq sualları cavablandırmaq lazımdır.
Daha ətraflı məlumatı Azərbaycan Banklar Assosiasiyasının “[email protected]” ünvanına mövzu hissəsində “Avropa Pul Viktorinası 2021” yazaraq əldə edə bilərsiniz.