ELM VƏ TƏHSİL


Məktəblilərarası ikinci robot olimpiadasının qalibləri mükafatlandırılıb VİDEO

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da məktəblilərarası ikinci robot olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, olimpiada Təhsil Nazirliyi və “İstək” liseyinin birgə təşkilatçılığı, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, “Microsoft Azərbaycan” şirkəti, “First Global”, “Step” Kiçik Kompüter Akademiyası və “Mars Akademi”nin tərəfdaşlığı ilə həyata keçirilib.

“İstək” liseyinin direktoru Samir Şəmiyev olimpiadanın keçirilməsi və təşkili haqqında məlumat verib. O məktəblilərarası ikinci robot olimpiadasının keçirilməsinin beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslandığını diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov məktəblilər arasında keçirilən olimpiadanın əhəmiyyətindən danışıb, qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. O qeyd edib ki, olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, onlarda robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir. İstedadlı şagirdlərin inkişafı və stimullaşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən davamlı tədbirlərin reallaşdırıldığını nəzərə çatdıran Firudin Qurbanov məktəblilərarası robot olimpiadasının bundan sonra da keçiriləcəyini vurğulayıb.

Tədbirdə olimpiadanın gedişatını əks etdirən videoçarx nümayiş olunub.

Dörd kateqoriya – “Line follower”, “Lego sumo”, “Hardware control” və “Drone Racing” kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş, Lənkəran, Şəki şəhərlərini təmsil edən 33 məktəbdən 200-ə yaxın şagird 86 layihə ilə çıxış edib. Layihələr Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, “Step” Kiçik Kompüter Akademiyası və “İstək liseyinin beynəlxalq təcrübəyə malik mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Sonda qalib gələn şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.