CƏMİYYƏT
Məktəblilərə narkotik vasitələrin sağlamlığa vurduğu zərərli təsir barədə məlumat verilib
Bakı, 19 dekabr, AZƏRTAC
Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə “yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, həmçinin sağlam həyat tərzinin təbliğ edilməsindən ibarət olub.
Məktəbin direktoru Kəmalə Qədirova tədbiri açaraq ölkəmizdə narkotika ilə mübarizəyə çox ciddi əhəmiyyət verildiyini qeyd edib, narkomaniyanın gənclərin fiziki və mənəvi sağlamlığına vurduğu ziyandan, zərərli vərdişlərə qarşı mübarizədə göstərilən səylərdən danışıb.
Rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev, rayon polis idarəsinin rəisi, polis polkovniki Musa Musayev, rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov şagirdləri maraqlandıran sualları cavablandırıb, narkomaniyadan uzaq olmaq və sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyə və məsləhətlər veriblər.