CƏMİYYƏT
Məktəblilərə sosial bəlanın fəsadları və zərəri barədə məlumat verilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Narkomaniya son illərin ən təhlükəli sosial bəlalarından biridir. Onun qarşısının alınması, zərərli təsirini cəmiyyət üzvlərinə, xüsusilə gəncə və yeniyetmələrə başa salmaq üçün müxtəlif maarifləndirici tədbirlər təşkil edilir.
AZƏRTAC-a Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, növbəti belə tədbir rayondakı 239 nömrəli tam orta məktəbdə keçirilib.
Məktəbin direktoru, Əməkdar Müəllim Sədaqət Əzimova tədbirdə iştirak edən qonaqları təqdim edərək tədbirin məqsədi barədə məlumat verərək bildirib ki, bəşəriyyətin gələcəyi üçün dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir. O, narkomaniyanın yaş sərhəddi tanımadan cavanlaşması və genefond üçün yaratdığı təhlükə barədə danışaraq cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və onunla mübarizənin daha səmərəli yollarının araşdırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Səbail Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Sadiq Mədətov ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olanların sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verib.
Tədbirdə çıxış edən İçərişəhər “Həzrət Məhəmməd məscidi” dini icmasının axundu Hacı Sadiq Əsgərov, Səbail Rayon Polis İdarəsinin əməkdaşları mayor Ədalət Ağayev, baş leytenantlar Bəhrəm Qasımzadə və Pərviz Cavadov, müharibə veteranı Nizaməddin Məsməliyev yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyə və məsləhətlər veriblər.
Sonra tədbir iştirakçılarının suallarına cavablar verilib, narkomaniyanın fəsadlarını əks etdirən film nümayiş etdirilib.