ELM VƏ TƏHSİL
Məktəblilərin Cümhuriyyətin tarixi barədə əldə etdikləri biliklər təkmilləşdirilir
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamına uyğun olaraq “Azərbaycanım mənim” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə təşkil olunan tədbir Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədi daşıyıb.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Mərkəzin direktoru Lalə Qəti muzeydə keçirilən bu tədbirin eksponatlarla yaxından tanışlıq və tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb..
Sonra mərkəzin dərnək üzvləri mövzu ilə bağlı maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirib, şeirlər söyləyib, mahnılar ifa ediblər.