REGİONLAR
Məktəblilərin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
Gəncə, 26 mart, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Abşeron, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, İmişli və Füzuli rayonlarından olan iştirakçıları - IX-XI sinif şagirdləri, onları müşayiət edən qrup rəhbərləri və müəllimlər martın 26-da Gəncə şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb.
Məktəbliləri Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnur Rzayev və ictimaiyyət nümayəndələri, Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər.
İcra hakimiyyəti başçısının müavini layihənin məktəblilərin biliklərinin artırılmasında, dünyagörüşlərinin zənginləşməsində əhəmiyyətindən danışıb. Bildirilib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. Onlar, həmçinin qədim Gəncənin son illərdə keçdiyi sürətli inkişaf yolu haqqında ətraflı məlumatlandırılacaqlar.
Sonra şagirdlərə tur-aksiya çərçivəsində tanış olacaqları məkanlardan bəhs edən bələdçi kitabları paylanılıb.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı və siyasi fəaliyyətini, Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən fotolarla və sənədlərlə tanış olublar.
Məktəblilərin Gəncə şəhəri ilə tanışlığı martın 27-də davam edəcək.