CƏMİYYƏT
Məktəblilərin Vətən müharibəsi qaziləri ilə görüşü keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, rayon icra hakimiyyətinin dəstəyi ilə 115 nömrəli tam orta məktəbdə Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması ilə əlaqədar Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Binəqədi rayon 115 nömrəli tam orta məktəbin direktoru Natəvan Əsədova tədbiri açaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə parlaq Qələbə qazandığını vurğulayıb. O, şanlı Zəfərin qazanılması uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən ən yüksək hörmət və ehtiramla anıldığını qeyd edib. Bildirib ki, Azərbaycan Vətən müharibəsində parlaq Qələbə qazanmaqla qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. Bu tarixi yazan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun əsgəri və zabitləridir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Samir Kazımov, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Füzuli Mehrabzadə belə görüşlərin əhəmiyyətini vurğulayıblar.
Sonra məktəblilərin ifasında şəhidlərimizə və qazilərimizə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
Vətən müharibəsi qazisi Ceyhun Sədrayev 44 günlük Zəfər yolundan danışaraq ən ağır döyüşlərdə belə şəxsi heyətin əhvali-ruhiyyəsinin, döyüş əzminin yüksək olduğunu vurğulayıb, Ordumuzun qəhrəmanlıq nümunələrindən danışıb. O, torpaqlarımız işğaldan azad olunduqca hərbçilərimizin daha çox sevindiklərini, onların keçirdikləri hisslərin sözlə ifadə edilməsinin mümkünsüzlüyünü dilə gətirib.
Sonra qazi Ceyhun Sədrayev uşaqların suallarını cavablandırıb.
Görüşün sonunda bir qrup iştirakçıya Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.