REGİONLAR


Məktəblilərin əl işlərindən ibarət sərgi-satışda 348 şagirdin 647 əl işi satılıb

Naxçıvan, 8 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublikadakı məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satışa yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iyunun 1-dən 5-dək davam edən sərgi-satışda 10-dək sənət növü – rəssamlıq, ebru sənəti, bədii tikmə, xalçaçılıq, toxuculuq, dulusçuluq, ağac üzərində oyma, ağac üzərində yandırma, metal üzərində bədii döymə və dekorativ işlər üzrə 1109 yaradıcılıq işi nümayiş edilib. Sərgi-satışda məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri hazırladıqları müxtəlif əl işlərini nümayiş etdirməklə yanaşı, onları satmaq imkanı da əldə ediblər. Ümumilikdə, sərgi-satışda 348 şagirdin 647 əl işi satılıb ki, bunlardan da 530-u dekorativ, 117-si isə təsviri sənət işləri olub. Bununla yanaşı, satılan işlər içərisində sağlamlıq imkanları məhdud 8 uşağın 70-ə yaxın əl işi yer alıb.

Yekun tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, sərgi-satışın təşkili istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin genişləndirilməsinə dəstək verilməsi, ən əsası milli dəyərlər əsasında tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili məqsədini daşıyır. Satışdan əldə olunan vəsaitdən dərnək üzvlərinin stimullaşdırılması və dərnəklərin fəaliyyəti üçün lazım olan xammal və materialların alınmasında istifadə olunması nəzərdə tutulub.

Sonda sərgi-satışa çıxarılan yaradıcılıq nümunələri qiymətləndirilərək fəal iştirak edən müxtəlif dərnəklərin rəhbərləri, sərgidə hazırladıqları yaradıcılıq nümunələri ilə seçilən dərnək üzvləri və məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlar Təhsil Nazirliyinin diplomları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.