ELM VƏ TƏHSİL
Məktəblilərin hərbi idman bayramı
Bakı, 25 may, AZƏRTAC
Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Təlimdə tər, döyüşdə zəfər!” devizi altında hərbi idman bayramı keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, akademik Zərifə Əliyeva adına liseydə keçirilən hərbi idman bayramında yüzədək şagird iştirak edib. Şagirdlər birinci yer uğrunda bütün səy və bacarıqlarını səfərbər ediblər.
Çıxış edənlər şagirdlərin gələcəkdə Vətənə bacarıqlı əsgər, dövlətə layiqli vətəndaş olacağına əminliklərini bildiriblər.
Sonda qaliblərə kubok və fəxri fərman verilib.
Hərbi idman bayramının keçirilməsinin məqsədi hərbi-fiziki hərəkət və oyunlarını tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, yeniyetmə və gəncləri maarifləndirmək, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdir.