REGİONLAR


Məktəblilərin muxtar respublika spartakiadasına start verilib

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş spartakiadaya start verilib. Spartakiada atıcılıq, “Vətənin müdafiəsinə hazıram” poliatlon beşnövçülüyü, şahmat və basketbol növlərini əhatə edir.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Basketbol, Şahmat və Atıcılıq federasiyaları tərəfindən təşkil olunan spartakiadanın açılış mərasimi Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov, təhsil nazirinin müavini Əli Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, mayor Cavid Məmmədov çıxış edərək bildiriblər ki, muxtar respublikada güclü idman infrastrukturu yaradılıb. Bu gün gənclərin idmana cəlbi istiqamətində ardıcıl işlər görülür, yeni idman bölmələri yaradılır, müxtəlif idman növləri üzrə bu bölmələrə yeniyetmə və gənclər dəvət olunurlar. Bunun nəticəsidir ki, naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda böyük uğurlara imza atırlar.

Qeyd olunub ki, son illərdə regionumuzda müasir, hər cür maddi-texniki bazaya malik, informasiya texnologiyaları ilə təmin olunmuş məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmin məktəblərdə idman zalları və açıq idman qurğuları yaradılıb ki, şagirdlər mütəmadi olaraq onlardan yararlanırlar. Məqsəd məktəblərdə təhsillə yanaşı, idmanı inkişaf və təbliğ etdirmək, şagirdlər arasında bu sahəni kütləvi hala gətirməkdir.

Sonra yarışlara start verilib.

Basketbol üzrə keçirilən yarışlarda 8 komanda mübarizə aparır. Beynəlxalq Basketbol Federasiyasının qaydalarına əsasən təşkil olunan yarış olimpiya sistemi üzrə keçirilir.

Naxçıvan Şahmat Mərkəzində isə zəka sahibləri birincilik uğrunda qüvvələrini sınayırlar. 8 komandanın qatıldığı yarışda 14-16 yaşlı məktəbli şahmatçılar mübarizə aparırlar. Hər komandanın heyətində 5 oğlan və 4 qız zəka sahibi qüvvəsini sınayır. Yarış İsveçrə sistemi üzrə keçirilir.

“Vətənin müdafiəsinə hazıram” poliatlon beşnövçülüyü üzrə yarışın proqramına əsasən 8 komandanın idmançıları 100 metr məsafəyə qaçış, qumbaraatma, turnikdə dartınma, 2000 metr məsafəyə kross qaçışı və pnevmatik silahdan 10 metr məsafəyə atış üzrə yarışlarda mübarizə aparırlar.

Stolüstü tennis yarışlarında da 8 komanda birincilik uğrunda mübarizəyə qoşulub. 2001-2004-cü illər təvəllüdlü məktəblilərin mübarizəsində hər komandanın heyətində 3 oğlan və 3 qız tennisçi var.

Qeyd edək ki, spartakiadaya bu gün yekun vurulacaq və qaliblər mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.