CƏMİYYƏT
Məktəblilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində 2 şagird və 2 valideyn xəsarət alıb
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də məktəbliləri daşıyan avtobusun Abşeron rayonunun Qobu qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən qəzaya uğraması nəticəsində xəsarət alanlar var.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, saat 07:45 radələrində qəzaya uğrayan avtobusda Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin 10 şagirdi və bir neçə valideyn olub. İlkin məlumata görə, qəza nəticəsində 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. Bir şagird və bir valideyn xəstəxanada ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.