CƏMİYYƏT


“Məktəblilərin qida bələdçiləri” layihəsindən sonra həftədə beş gündən çox şəkərli içki qəbul edən məktəblilərin sayı azalıb

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) UNICEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırdığı “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə layihənin yekunlarına dair hesabat media nümayəndələrinin diqqətinə çatdırılıb.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə maarifləndirmə tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb. Belə ki, ilkin mərhələdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən 30 nəfərə 12 mövzudan ibarət onlayn formada seminar keçirilib. Layihənin reqlamentinə əsasən, imtahanı uğurla başa vuranlar “Məktəblilərin qida bələdçiləri” nişanı ilə təltif olunub və həmin şagirdlər məktəblərdəki bufetlərin fəaliyyəti, qida təhlükəsizliyi və sanitar qaydalara əməl olunmasına dair ictimai nəzarəti həyata keçiriblər.

Daha sonra imtahanı uğurla başa vuran iştirakçıların təmsil olunduqları məktəblərin şagirdləri arasında sorğu keçirilib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 5 və 9-cu sinif şagirdləri arasında keçirilən sorğuda ümumilikdə 16 məktəbdən 1600 şagird iştirak edib. Anket formasında tərtib olunmuş sorğularda qida təhlükəsizliyi haqqında ümumi anlayışlar, sağlam qidalanma vərdişləri və qaydaları, gigiyenik tələblərə riayət olunması, düzgün maye qəbulu, fastfud yeməkləri və zərərli alışqanlıqlara münasibət və s. istiqamətlər yer alıb.

Sorğunun nəticəsinə əsasən, layihədən əvvəl və sonra aparılan testlər şagirdlərin qida vərdişlərindəki dəyişiklikləri əks etdirib. Belə ki, layihədən əvvəl qida təhlükəsizliyi anlayışı haqqında məktəblilərin 72 faizi məlumatlı olduğu halda, layihədən sonra həmin rəqəm 97 faizə çatıb. Layihənin reallaşmasından sonra AQTA-nın 1003 “Çağrı Mərkəzi” ilə bağlı məlumatı olan şagirdlərin sayı da artıb. Əvvəl “Çağrı Mərkəzi” ilə bağlı məlumatı olan şagirdlərin sayı 51 faiz təşkil edirdisə, layihədən sonra bu rəqəm 95 faizə çatıb.

Səhər yeməyi uşaqların fiziki və zehni qabiliyyətinə, eləcə də akademik göstəricilərinə kifayət qədər təsir göstərir. Əgər layihədən əvvəl sorğuda iştirak edən şagirdlərin 20 faizi səhər yeməyi yemədiyini bildirmişdisə, layihədən sonra həmin göstərici 7 faizə enib.

Sorğuda iştirak edən uşaqların 31 faizi həftə ərzində heç balıq yemədiyini bildirib. Süd məhsulları qəbul etməyən uşaqlar isə 15 faiz təşkil edib. Sorğudan sonra həmin göstəricilər müvafiq olaraq 18 və 5 faizə qədər azalıb.

Testin nəticəsinə görə, layihədən sonra həftədə beş gündən çox şəkərli içki qəbul edən məktəblilərin sayı isə 25 faizdən 5 faizə düşüb. Layihədən sonra həftədə beş gündən çox şirniyyat yeyən şagirdlərin sayı 13, çips yeyən uşaqların sayı isə 4 faizə qədər azalıb.

Xatirladaq ki, pilot layihə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı”, eləcə də UNICEF-in Azərbaycanda 2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə reallaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.