ELM VƏ TƏHSİL
Məktəblilərin voleybol idman növü ilə bağlı bilik səviyyələri yoxlanılıb
Bakı, 9 avqust, AZƏRTAC
“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan yay məktəbinin iştirakçıları ilə görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, görüş Azərbaycanda voleybol üzrə qadınlar arasında keçiriləcək 2017-ci il Avropa çempionatını təbliğ etmək, şagirdlərə sağlam həyat tərzini və azarkeşlik mədəniyyətini aşılamaq məqsədilə təşkil olunub.
BŞTİ-nin tabeliyindəki 12 və 95 nömrəli tam orta məktəblərdə keçirilən görüşdə “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev, Azərbaycan Voleybol Federasiyası idman şöbəsinin rəhbəri Elnur Məmmədov və şagirdlər iştirak ediblər.
Məktəblilərə qadınlar arasında keçiriləcək 2017-ci il Avropa çempionatı barədə məlumat verilib, həmçinin onların voleybol idman növü ilə bağlı bilik səviyyələrini müəyyən edən viktorina keçirilib. Viktorinanın qaliblərinə çempionat üçün hazırlanmış suvenirlər təqdim olunub.
Belə görüşlərin yay məktəbinin təşkil olunduğu digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.