ELM VƏ TƏHSİL
Məktəblinin BDU-da hazırladığı layihə beynəlxalq olimpiadada birinci yerə layiq görülüb
Bakı, 6 iyun, AZƏRTAC
Bakı Avropa Liseyinin X sinif şagirdi Fidan İbrahimovanın Bakı Dövlət Universitetinin (BDU) Nano Araşdırmalar laboratoriyasında hazırlanmış elmi-tədqiqat layihəsi Türkiyənin İstanbul şəhərində keçirilən 26-cı Beynəlxalq Tədqiqat Layihələri Olimpiadasında birinci yerə layiq görülüb. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Universitetin fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi ilə “Şoran torpaqlarda nanohissəciklərin bitkilərin inkişafına təsir effektləri” mövzusunda hazırlanan layihə təbiət elmləri bölməsinin biologiya sahəsində qalib hesab edilərək mükafatlandırılıb.
Qeyd edək ki, BDU-da istedadlı şagirdlərin respublika və beynəlxalq olimpiadalara hazırlanması istiqamətində layihələr həyata keçirilir və uğurlu nəticələr əldə edilir.