ELM VƏ TƏHSİL


“Məktəblinin dostu kuboku” başa çatıb

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Dövlət Bayrağı Gününə həsr olunan “Məktəblinin dostu kuboku” futbol çempionatının final mərhələsinə yekun vurulub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yekun tədbirində Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.

Final qarşılaşmasında 276 nömrəli tam orta məktəbin komandası “Məktəblinin dostu kuboku”nun qalibi olub. 9 nömrəli tam orta məktəbin komandası II, 12 nömrəli məktəbin komandası III yeri tutub.

Məktəbli futbolçulara “Norm” MMC-nin sponsorluğu ilə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.

Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Cahangir Hacıyev qalib komandaları təbrik ediblər.

Oktyabr ayından başlanan “Məktəblinin dostu kuboku” adlı futbol çempionatında layihənin tətbiq olunduğu 32 məktəbin VII və VIII sinif şagirdlərindən ibarət komandalar mübarizə aparıblar. Çempionatın məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və futbol idman növünə marağın artırılmasıdır.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hallarda ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.