“Məktəblinin dostu” layihəsi çərçivəsində onlayn təlimlərə başlanılıb
AzerTAg.az
Bakı, 18 yanvar, AZƏRTAC
“Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlər üçün onlayn təlimlərə start verilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, VII, VIII və IX sinif şagirdləri arasında təşkil olunan təlimlərin əsas məqsədi şagirdlərdə iradə və özünəinamın artırılması, emosiyaların düzgün müəyyən edilməsi və idarə olunması, şəxsi inkişafla bağlı analiz etmə, özünüidarə bacarıqlarının formalaşdırılmasıdır. “Özünə əminlik”, “Sosial-emosional bacarıqların inkişafı”, “Özünəinam və şəxsi inkişaf” və digər mövzularda təşkil olunan təlimlər layihənin Psixoloji Mərkəzi tərəfindən həyata keçirilir.
Təlimin proqramı şagirdlərin qabiliyyət və bacarıqlarını məqsədyönlü istifadə etməyə, gələcək planlarını həyata keçirmək üçün istiqamət verməyə, ətrafdakı insanlarla ünsiyyət və münasibətin yaxşılaşdırılmasına, onların sosial fəallığının yüksəldilməsinə yönəldilib. İlk olaraq, şagirdlərə mövzu ilə bağlı müxtəlif tapşırıqlar verilir. Məhz bu tapşırıqlar vasitəsilə onların ünsiyyət prosesində hansı çətinliklərlə qarşılaşdıqları aşkara çıxarılmış olur.
Qeyd edək ki, hazırda 20-yə yaxın məktəbi əhatə edən təlim proqramının gələcəkdə layihənin tətbiq olunduğu digər məktəb şagirdləri üçün də təşkil olunması nəzərdə tutulur.

Xəbərin mətnində orfoqrafik səhv var