ELM VƏ TƏHSİL
“Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlərin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub
Bakı, 9 iyun, AZƏRTAC
“Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblilərin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ekskursiyada Bakı şəhər 280 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi, layihənin Vətən müharibəsi iştirakçısı olan əməkdaşları iştirak ediblər.
Məktəblilər Parkdakı eksponatların arasında ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarına baxış keçiriblər.
Daha sonra hərbi ekspert Ruslan İmamquliyev ekskursiya iştirakçılarına xalqımızın Qarabağ uğrunda apardığı Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə barəsində dolğun məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.