ELM VƏ TƏHSİL
“Məktəblinin dostu” layihəsi üzrə seçilmiş gənclər fəaliyyətə başlayıblar
Bakı, 22 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər fəaliyyətə başlayıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üçün 110 nəfər seçilib.
Hər məktəbdə üç nəfər olmaqla fəaliyyət göstərən “məktəblinin dostu” seçilmiş gənclər layihə çərçivəsində müəyyən edilmiş məktəblərdə müəllim və şagird kollektivinə təqdim ediliblər. Onlar fəaliyyətə başladıqları ilk gündən interaktiv olaraq şagirdlərin təlim-tərbiyəsi və intellektual inkişafının təmini istiqamətində tədbir və yarışlar keçirmək təşəbbüsü ilə çıxış ediblər.
“Məktəblinin dostu” layihəsi çərçivəsində seçilmiş namizədlərə bir ay ərzində Təhsil Nazirliyinin əməkdaşları tərəfindən təhsilin idarəedilməsi, təhsil haqqında mövcud qanunvericilik barədə məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin və Səhiyyə Nazirliyinin əməkdaşları, eləcə də psixoloqlar tərəfindən namizədlərə fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrinin istifadəsi, təcili tibbi yardım xidməti hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması və müdaxilənin edilməsi, psixoloji dəstək göstərilməsi ilə bağlı təlim keçirilib.
Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə mütəmadi maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsində, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcəklər.
Layihənin əhatə dairəsinin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.