ELM VƏ TƏHSİL


“Məktəblinin dostu” layihəsinin əməkdaşları mükafatlandırılıblar

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Təhsil Nazirliyində “Məktəblinin dostu” pilot layihəsi əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev təqdimatla çıxış edərək layihənin məqsəd və vəzifələrindən danışıb. Layihə rəhbəri əməkdaşların işəgötürülmə prosesi, onlar üçün təhsil qanunvericiliyi, fövqəladə hallarda davranış qaydaları və təcili tibbi yardım xidmətinin hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması ilə bağlı keçirilən təlimlər barədə məlumat verib.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Məktəblinin dostu” layihəsi valideyn-müəllim-şagird ünsiyyət üçbucağının daha səmərəli qurulmasında vacib rola malikdir. Nazir müavini layihənin fəaliyyət göstərdiyi təhsil müəssisələrində məktəblilər arasında tolerantlıq, səmərəli kommunikasiyanın və dostluq münasibətlərinin qurulması baxımından görülən işlərin əhəmiyyətini qeyd edib, sağlam mühitin formalaşdırılmasına xüsusi töhfə verildiyini bildirib.

“Məktəblinin dostu” layihəsi ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə “Məktəblinin dostu” pilot layihəsinin iş fəaliyyətində xüsusi təşəbbüskarlığına və fəallığına görə fərqlənən əməkdaşlarına Təhsil Nazirliyinin təşəkkürnaməsi təqdim olunub.

“Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində həyata keçirilir.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.