ELM VƏ TƏHSİL
“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində yay məktəbləri təşkil olunub
Bakı, 3 iyul, AZƏRTAC
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində ilk dəfə yay məktəbləri təşkil olunur.
AZƏRTAC xəbər verir ki, iyulun 3-də Bakıdakı 276 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində yay məktəblərinin açılış mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini bildirib, bu sahənin inkişafı istiqamətində reallaşdırılan layihələrdən danışıb.
Pilot layihə barədə məlumat verən nazir müavini qeyd edib ki, layihə çərçivəsində yay məktəbləri 18 məktəbdə təşkil olunur. Yay məktəblərində V-VIII siniflərin şagirdləri iştirak edəcəklər.
Əsas məqsəd yay istirahəti dövründə dərsdənkənar təhsil imkanları və əyləncə saatları yaratmaqla fəal gənclərin formalaşdırılmasıdır. Bu məqsədlə müvafiq proqram çərçivəsində şagirdlərə dərsdənkənar saatlarda akademik fənlərin tədris olunması və onların dünyagörüşünü artıran tədbirlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər çıxış edənlər də cəmiyyətdə təhsilin mühüm rolundan, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğıdan bəhs edib, “Məktəblinin dostu” pilot layihəsinin əhəmiyyətini vurğulayıblar.
Yay məktəbləri avqustun sonunda başa çatacaq.