ELM VƏ TƏHSİL
“Məktəblinin dostu” pilot layihəsi üzrə müsahibə mərhələsi başlanıb VİDEO
Bakı,10 oktyabr, Günel Məlikova, AZƏRTAC
Oktyabrın 10-da Təhsil Nazirliyi ilə “ASAN xidmət”in birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsinə başlanılması ilə bağlı 3 saylı “ASAN xidmət” mərkəzində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, təhsil ekspertlərinin, qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin və KİV-lərin nümayəndələrinin iştirak etdikləri tədbirdə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov layihənin əhəmiyyətindən, təhsilin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, layihə çərçivəsində valideynlər ümumi təhsil müəssisələrinin fəaliyyətində yaxından iştirak edə biləcəklər. “Məktəblilərin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır.
Layihənin rəhbəri Rüstəm Ağayev vurğulayıb ki, imtahanlarda iştirak etmək üçün 800 gənc qeydiyyatdan keçib və onlardan 300-dən çoxu test mərhələsində uğur qazanıb. Oktyabrın 2-də keçirilmiş imtahanların test mərhələsində namizədlərə 50 sual (ümumi və psixoloji) təqdim edilib. Onların əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılıb. Ancaq seçilmiş namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar.
Vurğulanıb ki, “Məktəblinin dostu”, həmçinin hər bir yaş mərhələsində olan uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsində, onlarda özünütərbiyə və özünüinkişaf bacarıqlarının formalaşdırılmasında kömək göstərəcək.
Tədbirdə digər çıxış edənlər “Məktəblinin dostu”nun şagirdlərin davamiyyətində, məktəblilər arasında pis vərdişlərin aradan qaldırılmasında böyük rolu olacağına əminliklərini bildiriblər.
Sonra layihə üzrə imtahanların müsahibə mərhələsinə başlanılıb.
Müsahibə mərhələsində ictimai fəallığı ilə seçilən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik namizədlərə üstünlük veriləcək. Bu mərhələdən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimlərin sonunda qiymətləndirmənin nəticələrinə əsasən seçilmiş namizədlər “məktəblinin dostu” olacaqlar.
Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə isə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.