CƏMİYYƏT
Mələk Çakmak: Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində böyük irəliləyişə nail olub
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində böyük irəliləyişə nail olub, səmərəli idarəçilik sistemlərinin tətbiqi yolu ilə ərzaq və qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərini uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Ümumdünya Ərzaq Gününə həsr olunan tədbirdə deyib.
Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərini yüksək qiymətləndirən M.Çakmak bildirib: “Mən iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatına sərmayənin qoyulması istiqamətində qəti mövqeyinə, 2016-2020-ci illəri əhatə edən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində məhsuldar əməkdaşlığa, kənd təsərrüfatı sektorunun şaxələndirilməsinə dəstəyin verilməsinə görə Azərbaycan Prezidentinə və hökumətinə, IDEA İctimai Birliyinə təşəkkürümü bildirirəm”.
M.Çakmak təşkilatın mesajlarının dünyaya çatdırılması istiqamətində göstərdiyi səylərə görə FAO-nun xoşməramlı səfiri Leyla Əliyevaya minnətdarlığını ifadə edib.