REGİONLAR
Meliorasiya və Su Təsərrüfatı ASC-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 28 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Qeyd edib ki, bu soyqırımı nəticəsində yerli sakinlərdən 613 nəfər vəhşicəsinə öldürülüb, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar olub.
Sədr bu soyqırımına yalnız ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra məhz onun qətiyyəti sayəsində hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb.
Əhməd Əhmədzadə onu da vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu faciənin dünyada tanıdılması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində erməni millətçilərinin, lobbisinin və havadarlarının yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatları iflasa uğrayır. Diqqətə çatdırılıb ki, işğal altındakı torpaqlarımız dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü inamlı siyasət nəticəsində tezliklə azad ediləcək və ölkəmizin ərazi bütövlüyü təmin olunacaq.
Qeyd edək ki, Xocalı faciəsi zamanı şəhid olanların xatirəsinə həsr olunan anım mərasimləri Cəmiyyətin tabeliyində olan digər idarə və təşkilatlarda da keçirilir.