İQTİSADİYYAT
“Meliorasiya və Su Təsərrüfatı” ASC-də rayonlarda pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfransı keçirilib
Bakı, 6 avqust, AZƏRTAC
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə respublikanın rayonlarında pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib.
ASC-dən AZƏRTAC-a verilən məlumata görə, konfransda pambıq sahələrinin su ilə təminatının mövcud hesabatı təqdim edilib, rayonlar üzrə suvarmanın təşkilində yaranan çətinliklərlə bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin şöbə və sektor müdirləri, həmçinin rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak ediblər.
İclasda cəmiyyətin sədr müavini Zakir Quliyev pambıq sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və pambıqçılıq şirkətləri ilə əlaqəli işin təşkili, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin olunması və hazırda suvarmanın təşkilində mövcud çətinliklərin vaxtında aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.