REGİONLAR


Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Ağcakənddə selin ziyan vurduğu ərazilərə baxış keçiribVİDEO

Goranboy, 23 iyun, E.Məmmədov, AZƏRTAC

Ötən gün güclü leysan nəticəsində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə dərələrdən gələn sel səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib, kənd ərazisindən qısamüddətli sel keçib və bəzi evlərə su dolub. Vəziyyətlə bağlı axşam saatlarından etibarən Goranboy Suvarma Sistemləri İdarəsinin texnikaları və şəxsi heyəti selin ziyan vurduğu ərazilərə cəlb olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev və Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi Ağcakəndə gələrək, selin ziyan vurduğu ərazilərə baxış keçiriblər.

Zakir Quliyev açıqlamasında bildirib ki, sel sularının Ağcakənddə fəsadlar törətməsində insan amili əsas rol oynayıb: “2002-ci ildə bu yerlərdə selötürücü kollektorlar var idi. Lakin sonradan evlər tikilib, həmin kollektorlar isə həyətlərin ərazisində qalıb. Selötürüclərə də baxış keçirildi və gələcəkdə belə halların baş verməməsi üçün həmin həyətyanı ərazilərdə selötürücü kanallar tikiləcək ki, seli ərazidən uzaqlaşdıra bilək və gələcəkdə belə fəsadlar olmasın”.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini əhaliyə də müraciət edib: “Ölkəmizdə 5, 10, hətta 50 ildən bir təkrarlanan sellər var. Bu, daim belə olub. Ağcakəndə gələn sel dərələrdə formalaşan yağıntı suları olub. Belə fəsadların baş verməməsi üçün ev tikilən zaman sahələr düzgün seçilməlidir. Yəni, selin gələ biləcəyi ərazilərdə ev tikilməməlidir”.

Onun sözlərinə görə, ərazidən keçən Qaraçay çayında sululuq artsa da, çay öz məcrasında axıb, hər hansı zərər vurmayıb.

Hazırda Meliorasiya və Su Təsərrüfatı ASC-nin texnikaları və şəxsi heyəti sel fəsadlarının aradan qaldırılması istiqamətində fasiləsiz iş rejimində çalışır.

Qeyd edək ki, ötən gün Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon İcra Hakimiyyətinin inzibati binasında Operativ Qərargah yaradılıb. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və rayonun digər rəhbər şəxsləri komissiya üzvləri ilə birgə zərərçəkmiş sakinlərlə görüşüb, evlərə baş çəkiblər. Hazırda komissiya tərəfindən dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı operativ iş aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.