REGİONLAR
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri ilə görüşüb VİDEO
Cəlilabad, 10 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov iyunun 10-da Cəlilabad şəhərində Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Cəlilabad Suvarma Sistemləri İdarəsinin inzibati binasında vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, nasos stansiyalarının quraşdırılması, nov kanallarının çəkilməsi, su buraxıcı qurğuların tikilməsi, kanalların lildən təmizlənməsi, subartezian quyuların qazılması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Zaur Mikayılov şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasına, o cümlədən göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.