REGİONLAR
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ucarda vətəndaşlarla görüşüb VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov dekabrın 9-da Ucar Suvarma Sistemləri İdarəsinin inzibati binasında Ucar, Zərdab, Kürdəmir və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
AZƏRTAC xəbər verir ki, qəbuldan öncə şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov qəbulda vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Sədr Zaur Mikayılov vətəndaşlarla görüş zamanı dövlət başçısının meliorasiyanın inkişafı ilə bağlı imzaladığı sərəncamların və verdiyi tapşırıqların aqrar sahənin inkişafına, xüsusən fermerlərin rifah halının yaxşılaşdırılmasına təkan verəcəyini vurğulayıb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.