Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 18-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.3. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.4. həmin Qanunun 10-cu maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.5. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.6. həmin Qanunun 28-ci maddəsinin 1-ci və 2-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.7. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.8. həmin Qanunun 22-ci maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin