İQTİSADİYYAT


Memar Tərlan Əliyev: V Respublika Müsabiqəsində yer tutan layihələr orijinallığı, innovativliyi və aktuallığı ilə seçilib

Bakı, 1 avqust, Ramiz Quliyev, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Tərlan Əliyev 200-dən çox layihənin müəllifidir. Memarın layihələndirdiyi müxtəlif təyinatlı obyektlər orijinallığı və müasirliyi ilə seçilir. Dərbənddə Gənclər və Əyləncə Mərkəzi, İstirahət Parkı, Qırğızıstanda sənaye obyektləri, Azərbaycanın bir sıra rayonlarında, Abşeron və Bakı ərazisində çoxsaylı yaşayış evləri, ictimai iaşə və istehsalat obyektləri T.Əliyevin yaradıcılığının məhsuludur. 1994-cü ildən pedaqoji fəaliyyətə başlamış Tərlan Əliyev memarlıq sahəsində və pedaqoji sahədə qazandığı nailiyyətlərinə görə Təhsil və Mədəniyyət nazirliklərinin, Azərbaycan Memarlar İttifaqının Fəxri Fərmanları ilə təltif olunub. Bu günlərdə isə Bakıda Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə keçirilən V Respublika Müsabiqəsində ən çox fərqlənən məhz Tərlan müəllimin tələbələri olub. AZƏRTAC-ın müxbirinin memarla müsahibəsi də bu mövzuya həsr olunub.

- Tərlan müəllim, V Respublika Müsabiqəsində ən çox mükafat alan sizin tələbələriniz olub. Onların memarlıq layihələri hansı xüsusiyyətlərinə görə seçilib?

- Müsabiqədə yüksək mükafata layiq görülənlərdən 4-ü mənim tələbələrimdir. Bir neçə tələbəm də müxtəlif mükafatlar alıb. Onlardan 1-i “Tornado Tower” layihəsinə görə 2-ci yeri tutub. Bu çoxmərtəbəli, qasırğa formasında ofis binasıdır. “Cərəyan” adlanan ofis və biznes mərkəzi layihəsi müsabiqədə 3-cü yerə çıxıb. Bu isə innovativ layihədir. Bir tələbəmin işi isə Şəhərsalma və Arxitektura Komitəsinin mükafatını alıb. “Qoruyucu mələklər” adlanan layihə yaradıcılıq mərkəzi olmaqla xüsusi istedadı olan fiziki məhdudiyyətli uşaqlar üçündür. Sözügedən layihədə bu uşaqların öz vərdiş və bacarıqlarını göstərməsi, özlərini cəmiyyətin tam sağlam üzvü olduqlarını dərk etmələri üçün zəruri şərait yaradılıb. “El & En” şirkətinin mükafatını alan layihə isə əczaçılıq müəssisəsinin layihəsidir. Bu layihə Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın (MOOCAO) bu il Rusiyanın Volqoqrad şəhərində keçirəcəyi müsabiqədə iştirak edəcək. “Qoruyucu mələklər” layihəsi isə Samara şəhərində Avroasiya ölkələrinin 7-ci müsabiqəsində 99 layihə arasında 3-cü yerə layiq görülüb. V Respublika Müsabiqəsində yer tutan layihələr digərləri ilə müqayisədə orijinallığı, innovativliyi və aktuallığı ilə seçildiyindən Münsiflər Heyətinin marağına səbəb olub.

- Gənc memarların layihələrinin paytaxtda və ya regionlarımızda tətbiqi gözlənilirmi? Ümumiyyətlə bu prosedur necə olur?

- Layihələrlə bağlı hansısa bir təşkilat maraq göstərərsə, bunu həyata keçirməkdə heç bir problem yoxdur. Düşünürəm ki, onların reallaşdırılması elə də böyük xərc tələb etməyəcək. Eyni zamanda, müsabiqələrin keçirilməsində əsas məqsədlərdən biri də maraqlı təşkilatları bu işə cəlb etməkdir. Yeri gəlmişkən, Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumların nümayəndələri komissiyanın işində yaxından iştirak edərək, öz seçimlərini ediblər. Gənc memarlarımızın öz işlərini xaricdə və ölkə daxilində nümayiş etdirməkdə, bu işlərin təşkilində Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadənin, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın böyük rolu olub. Həmçinin gənc memarlarımızın tanınmasında medianın da xidməti əvəzsizdir. Fürsətdən istifadə edərək bu işdə xidməti, zəhməti olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm.

- Son zamanlar memarlıq layihələndirməsində kompüter qrafikası əl qrafikasını sıxışdırıb aradan çıxarır. Bu faktor yaradıcılığa necə təsir edir?

- Bilirsiniz, əl əməyinə həmişə böyük qiymət verilir. Memar əllə işləməyi, yəni öz fikirlərini qələmlə müstəviyə köçürməyi bacarmalıdır. İlkin eskizlər əllə işlənməlidir və bu, mütləqdir. Kompüter sonradan işə qoşulur. Müasir dövrümüzün tələblərinə uyğun olaraq, kompüteri bilmək memarlar üçün vacibdir. Çünki kompüterlə layihə işləyərkən qısa zamanda dəyişiklik etmək imkanı genişdir, eləcə də riyazi hesablamalar aparmaq çox asandır. İstənilən halda, əl əməyi çox vacibdir. Yəni qələmlə layihənin eskizini çəkə bilməyən memar bunu kompüterlə necə bacaracaq? Mən tələbələrimə də həmişə deyirəm ki, siz rəssamlığı, heykəltəraşlığı bacarmalısınız, musiqi duyumunuz olmalıdır...

- Memarlıqda layihə yoxsa dizayn üstündür?

- Əslində memarlıq sahəsində dizayn söhbəti sonradan meydana çıxıb. Yəni əvvəllər memar və onun layihəsi vardı. Memar öz layihəsində dizaynla bağlı bütün məqamları da nəzərə alırdı. Memarlıqda əvvəlcə nəyi, harada, sonra isə necə layihələndirməkdən söhbət gedə bilər. Ümumiyyətlə isə fikrimcə, hər bir memarda dizayn sahəsi ilə bağlı anlayışlar olmalıdır. Memar hər hansı bir obyekti layihələndirərkən bu obyektdə hansısa qapı dəstəyinin necə olacağını xəyalında canlandırmağı bacarmalıdır. Lakin indiki zamanın tələbinə uyğun olaraq, ixtisaslaşma aparılıb və dizayn sahəsi memarlıqdan ayrılıb. Bu da normal haldır. Üstünlükdən danışarkən konkret obyekt olmalıdır. Böyük komplekslərdən söhbət gedirsə, orada təbii ki, əsas fiqur memardır. Dizaynerlər isə layihədəki sahələrin dizayn həlli ilə məşğul olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.