İQTİSADİYYAT


Memarlar İttifaqı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş plenum keçirmişdir

Bakı, 3 may (AZƏRTAC). Mayın 3-də “Four Seasons” otelində Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Plenum keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Memarlar İttifaqı İdarə Heyətinin üzvləri əvvəlcə Fəxri xiyabanı ziyarət etmiş, ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarları önünə əklillər və gül dəstələri qoymuşlar.

Daha sonraOtelin “Segah” zalında Azərbaycan memarlarının son illərdə yaratdıqları layihələrin sərgisi açılmışdır.

Plenumu giriş sözü ilə açan Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri, respublikanın əməkdar memarı, professor Elbəy Qasımzadə milli memarlıq məktəbinin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etmişdir.O, şəhərlərimizin, xüsusilə də Bakının memarlıq simasının zənginləşməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən möhtəşəm işlərdən danışmış, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xalqımızın tarixi- memarlıq irsinin qorunması və bərpası işinə hədsiz əmək və diqqət ayırdığını vurğulamışdır.

İdarə Heyətinin sədrinin qarşıdakı seçkilərdə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklifi plenum iştirakçıları tərəfindən yekdilliklə dəstəklənmişdir.

Plenumda milli memarlıq yaradıcılığının inkişafına göstərdiyi qayğıya görə, Prezident İlham Əliyev Memarlar İttifaqının ali mükafatı- müasir Azərbaycan memarlığının banilərindən birinin xatirəsinə təsis edilmiş ”Akademik Mikayıl Hüseynov” medalı ilə təltif edilmişdir.

Memarlar İttifaqının katibi, Milli Məclisin deputatı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, professorlar Ramiz Əbdülrəhimov, Nəriman Əliyev, Yusif İbrahimli və digər məruzəçilər Heydər Əliyevin mili memarlığın inkişafı sahəsindəki ölçüyəgəlməz xidmətlərdən danışmış, ulu öndərlə bağlı xatirələrini bölüşmüşlər.

Plenumun ikinci hissəsində “Azərbaycan memarlarının peşəkarlıq etikası” Məcəlləsi və Azərbaycan Memarlar İttifaqının Peşəkarlıq Etikası Kollegiyasının Əsasnaməsi müzakirə edilmiş və qəbul olunmuşdur.

Sonda Azərbaycan memarlarının bir qrupuna “Akademik Mikayıl Hüseynov medalı”, “Ustad Memar” şəhadətnaməsi, Azərbaycan Memarlar İttifaqının fəxri fərmanları təqdim edilmişdir.

Bununla da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Plenum öz işini başa çatdırmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.