İQTİSADİYYAT


Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət edib

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “1992-ci ildən başlanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun ağır nəticələri dünya birliyinə yaxşı məlumdur. Bu problemin yaranması Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində meydana gəlmişdi.

Mahiyyət etibarı ilə münaqişənin nəticəsindən faydalanmaq istəyən Ermənistan Azərbaycanın 20 faiz ərazisini, o cümlədən Dağlıq Qarabağı, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam və Kəlbəcər rayonlarını işğal etmişdi.

Erməni işğalını pisləyən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, Ermənistan bu sahədə BMT-nin səylərinə və çağırışlarına məhəl qoymurdu.

Ermənistanın işğalı nəticəsində bu ərazilərdə Azərbaycanın 23 muzeyinə məxsus 102 min 757 eksponat, 4 Dövlət Rəsm Qalereyasına məxsus 376 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, 5300 memarlıq abidəsi, o cümlədən 2261 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 50 min ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılıb, məhv edilib və ya ölkədən çıxarılaraq mənimsənilib. Bundan başqa, 365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 310 məbəd, 72 məscid, 199 kurqan, 161 qədim qəbiristanlıq, 184 qədim yaşayış yerləri, 165 inanc yeri və ziyarətgah, 39 türbə erməni işğalçıları tərəfindən dağıdılaraq yox edilib.

Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin fəsadları yalnız ərazilərin zəbt edilməsi ilə bitmir. Bu təcavüz genişmiqyaslı, çoxistiqamətli xarakter daşıyır. Təcavüz Ermənistanın işğalı altında qalan milli-mədəni dəyərlərin məhv edilməsi, ya da erməniləşdirilməsi ilə müşayiət olunur. Belə ki, Füzuli şəhərinin yaxınlığında yerləşən, 700 min il əvvələ aid olan, Avropa insanının ilk yaşayış məskənlərindən sayılan Azıx mağarası dünyanın nadir mədəni sərvətlərindəndir. Erməni işğalçıları bir müddət bu mağaranı silah anbarına, müəyyən dövrdə isə əsgərlərin silahatma məşqlərinin keçirildiyi yerə çevirmiş, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar apararaq Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, yalnız əraziləri deyil, tarixi də mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olublar.

Hazırkı şəraitdə Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü qabarıq şəkildə göstərir. Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yüzlərlə tarixi-dini və mədəni abidələri məhv edib, bu və ya digər şəkildə zərər vurublar. Erməni işğalçılar tərəfindən məqsədli şəkildə onlarla kurqanın, insan məskənlərinin, qəbiristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurub.

Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problem olaraq qalır. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.

Eyni zamanda, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il konvensiyasında təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur.

Ermənistan beynəlxalq səviyyədə qəbul edilmiş bu normaları kobud şəkildə pozaraq 30 il işğalda saxladığı ərazilərdə tarixi memarlıq irsinə məhvedici zərbələr endirib, islam abidələrini dağıdıb, xristian alban abidələrini falsifikasiya edib, dırnaqarası “bərpa” edərək erməniləşdirməyə çalışıb, Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntılar aparıb, bu qazıntılarda aşkar edilmiş və Qarabağ muzeylərində toplanmış antefaktları oğurlayaraq Ermənistana aparıblar.

Müxtəlif dövrlərdə Azərbaycanda müxtəlif dinlərin mövcud olması Qarabağda da insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərib. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağda da xristianlıq və müsəlmanlığın yanaşı inkişafı, eyni zamanda, onların birinin digərini əvəz etməsi Azərbaycanın memarlıq abidələrinin tikintisində də özünü göstərib. Bu isə Azərbaycanda multikulturalizm ənənələrinin necə dərin qatlara söykəndiyinin əyani göstəricisidir. Hazırda bu mədəni irsin ermənilər tərəfindən vandalizmə uğradılması qəzəb doğurur.

Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulub və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısında məsuliyyət daşıyır.

Beləliklə, 30 il ərzində baş verən hadisələr Ermənistanın bütün beynəlxalq sazişləri pozaraq Azərbaycanın tarixi mədəni irsinə qarşı təcavüz həyata keçirdiyini göstərir. İşğaldan azad olunan kənd və şəhərlərin bugünkü acınacaqlı görüntüləri bir daha ölkəmizə nə qədər böyük ziyan vurulduğunu göstərir və erməni vandalizmini nümayiş etdirir.

Erməni lobbisinin təsiri altına düşmüş bir qrup insanlar real təcavüz və vandalizm aktlarına göz yumaraq ehtimal edilən “təcavüz” barədə beynəlxalq təşkilatlara həqiqəti əks etdirməyən müraciətlərini pisləyirik və onların mədəni irsin qorunmasına yox, Azərbaycanın imicinə kölgə salmağa və haqq işinə xələl gətirməyə yönəldiyini bəyan edir, ermənilərin beynəlxalq hüquqa zidd əməllərinin araşdırılıb hüquqi qiymətləndirilməsi üçün beynəlxalq təşkilatların bu məsələyə diqqətini cəlb edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.