ELM VƏ TƏHSİL
Memarlıq ixtisasına qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçməlidirlər
Bakı, 29 iyul, AZƏRTAC
Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər/subbakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün avqustun 3-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər.
Bu barədə AZƏRTAC DİM-dən məlumat verilib.
Abituriyentlər iyulun 30-dan avqustun 3-dək qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə biləcəklər.
Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/ subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.
Qeyd edək ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı azı 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər/subbakalavrlar iştirak edə bilərlər.
DİM qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən, lakin I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olan abituriyentlərin nəzərinə çatdırır ki, onlar ixtisas seçimində iştirak edə bilməyəcəklər.
Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər (subbakalavrlar) məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.
Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2022-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1 ci nömrəsində verilib.