İQTİSADİYYAT


Memarlıq tariximizin görkəmli siması Mikayıl Hüseynovun bu gün ad günüdür

Bakı, 19 aprel, AZƏRTAC

Görkəmli Azərbaycan memarı, SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü, Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü, akademik Mikayıl Hüseynov 1905-ci ildə aprelin 19-da Bakıda dünyaya göz açıb.

1922-1929-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil olan Mikayıl Hüseynov mühəndis-memar ixtisası üzrə mühəndis-inşaat fakültəsini bitirib. 1930-1959 illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri vəzifəsində çalışıb. 1960-1990-cı illərdə "Azərdövlətlayihə"də məsləhətçi, 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olub.

AZƏRTAC-ın yerləşdiyi binanın da müəllifi olduğu görkəmli memar Mikayıl Hüseynov 200-dən çox layihə yaradıb və bunların hamısı çox peşəkarcasına, yüksək səviyyədə həyata keçirilib. Onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də Düşənbədə, Moskvada və digər şəhərlərdə mədəni-məişət binaları tikilib. Şərq və Qərb memarlıq məktəbinin sintezindən yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların layihələrinin müəllifidir. Onun “Alimlər Evi” (1946), M.F.Axundzadə adına dövlət kitabxanası (1960), Azərbaycan SSR Elmlər Akademiyasının binaları kompleksi (1947-1948), hazırkı “Azadlıq” meydanının rekonstruksiyası (1962), “Nizami” (1968-1969), “Elmlər Akademiyası” (1971) metro stansiyaları, “Azərbaycan” (1973), “Abşeron” (1975), “Moskva” (1978) mehmanxanaları, Baş poçt idarəsi “Qlavpoçtampt” (1977), şairlər Nizami Gəncəvinin (1940), Səməd Vurğunun (1957) heykəlləri, Sovet İttifaqı qəhrəmanları Həzi Aslanovun (1948), Mehdi Hüseynzadənin (1973) heykəlləri, “Azad qadın” (1960) heykəltəraşlıq kompozisiyası və digər heykəltəraşlıq kompozisiyaları Mikayıl Hüseynovun yaradıcılığında xüsusi yer tutur.

İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan “Böyük Britaniya Asiya cəmiyyəti” tərəfindən 1985-ci ildə təşkil edilən “Bakının memarlığı” sərgisində M.Hüseynovun əsərləri nümayiş etdirilib. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra azərbaycanlı memar Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü seçilib. Elə buradaca onun yeni Azərbaycan memarlığı məktəbini yaratdığı da qeyd edilib.

Azərbaycanın milli memarlıq ənənələrini yeni axtarışları ilə zənginləşdirən M.Hüseynov müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini ərsəyə gətirib. Azərbaycanda böyük memarlıq məktəbinin yaradıcısı kimi, o yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da müxtəlif abidələrin, sənət nümunələrinin ərsəyə gəlməsində böyük əməyi olub. Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri var.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda memarlığın inkişafına və milli memarlıq elminin kadr potensialının formalaşdırılması işinə dəyərli töhfələr vermiş akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi ilə bağlı 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olub. Prezident İlham Əliyevin bu qərarı ilə Akademik Mikayıl Hüseynovun memar və alim kimi dövlət qarşısında misilsiz xidmətləri bir daha yüksək dəyərləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.