ELM VƏ TƏHSİL


Memarlıq və İncəsənət İnstitutunda 20 Yanvar faciəsinin otuz ikinci ildönümü qeyd olunub

Bakı, 19 yanvar, AZƏRTAC

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Azərbaycan tarixində qəhrəmanlıq salnaməsinin bir səhifəsi olan 20 Yanvar faciəsinin ölkəmizin müstəqillik tarixində mühüm dönüş nöqtəsi olduğunu söyləyib. Alim qeyd edib ki, bu faciə əbədi olaraq xalqımızın qan yaddaşına həkk olunub. O gecə axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar təkcə faciə deyil, milli azadlıq ideyasının yarandığı gündür. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə fəxr etməliyik. Çünki İkinci Qarabağ savaşındakı tarixi Zəfər 1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda ayağa qalxaraq güclü imperiya qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparmasının nəticəsidir. Şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq və onların əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Sonra institutun baş meneceri dosent Namiq Abbasov “20 Yanvar faciəsinə nəzər: insani yaşamın aksioloji mənalandırılması” mövzusunda məruzə edib.

İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əfsanə Babayeva “20 Yanvar faciəsinin Azərbaycan musiqisində təcəssümü” mövzusunda çıxış edib. O qeyd edib ki, kütləvi şüurun formalaşması, 20 Yanvar hadisələrinin bədii dərk olunması üçün mədəniyyətin ən ümdə sahəsi olan musiqinin rolu təsirlidir. Azərbaycan bəstəkarları tərəfindən 20 Yanvar hadisələrinə kifayət qədər əsərlər həsr olunub. 1990-cı illərdən sonra şəhidlik obrazı xüsusi olaraq həmin əsərlərdə tərənnüm edilib. Bu sahədə yaranan əsərlər əsasən 2 kateqoriyaya -simfonik və vokal oratoriya kantatalara bölünür. Bununla yanaşı, bəstəkarlarımızdan Emin Sabitoğlu, Hacı Xanməmmədov, Oqtay Rəcəbov, Vasif Adıgözəlov, Mehriban Əhmədova, Nəriman Əzimovun və başqalarının mahnı yaradıcılığında bu mövzu əks olunub. Opera janrında da Nazim Quliyevin “Şəhidlər”, “İlham və Fərizə” əsərləri ərsəyə gəlib. 20 Yanvar faciəsini özündə əks etdirən əsərlərin müəllifi Azərbaycanın korifey sənətkarı C.Hacıyevin son simfoniyaları bu hadisələrin obrazlar aləmi ilə sıx bağlıdır. T.Bakıxanovun “Humayun”, R.Əliyevin “Azadlığa gedən yollar”, S.Fərəcovun “Matəm harayı”, A.Əzimovun “Qətl günü və ağılar” və s. bu kimi simfonik əsərlər də 20 Yanvar hadisələrini təcəssüm etdirir.

Tədbirdə çıxış edənlər xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin heç vaxt unudulmayacağını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.