ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universiteti: İkili diplom proqramları üzrə xarici ali təhsil müəssisələri ilə danışıqlar aparılır
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq əlaqələr sahəsindəki əsas fəaliyyətindən biri ikili diplom proqramlarının yaradılmasıdır.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, hazırda bu istiqamətdə bir sıra xarici universitetlərlə işgüzar danışıqlar aparılır. İstanbul Texniki Universiteti (İTU) ilə 2011-ci ildən başlayan ikitərəfli müzakirələr və razılaşmalar nəticəsində 2018-ci ildə həmin ali məktəblə inşaat mühəndisliyi ixtisasında bakalavr pilləsi üçün yeni ikili diplom protokolu imzalandı. Protokol çərçivəsində 2019/2020-ci tədris ilindən ortaq bakalavr təhsilinə başlanıldı, ötən il 14, bu il 20 azərbaycanlı və 6 türk tələbə qəbul olundu. Həmin tələbələr 3 və 4-cü kursu İTU-da təhsil alacaqlar.
İTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti 2019-cu ilin aprel ayında AzMİU-da olarkən memarlıq ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi üçün niyyət protokolu imzalandı. Hazırda bu protokolun həyata keçirilməsi, ortaq tədris proqramının hazırlanması istiqamətində qarşılıqlı müzakirələr gedir, müəyyən danışıqlar aparılır.
Türkiyənin Yıldız Texniki Universiteti (YTU) ilə AzMİU arasında ötən il imzalanmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq geomatika ixtisasında ikili diplom proqramının həyata keçirilməsi üçün qarşılıqlı görüşlər keçirilir, protokolun və ortaq tədris proqramının hazırlanması üzərində iş aparılır. Eyni zamanda, YTU ilə əməkdaşlığın səmərəliliyini təmin etmək və qısa zamanda tələbə mübadiləsini həyata keçirmək üçün tələbə mübadiləsi protokolu üzərində müzakirələr gedir.
İspaniyanın Koruna Universiteti ilə ekologiya mühəndisliyi, Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə inşaat mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ikili diplom proqramının vaxtı bitdiyi üçün həmin müqavilələrin yenilənməsi və vaxtının daha 5 il müddətinə uzadılması məsələləri müzakirə edilir.
“Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji effektivliyi üzrə peşəkar bakalavr-magistr hazırlığının təşkili” - LPEB layihəsi çərçivəsində mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi ixtisası üçün AzMİU ilə Parisin CNAM Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb və 2020-2021-ci tədris ilindən tələbə qəbulu aparılır. Hazırda bu proqram üzrə 14 azərbaycanlı tələbə təhsil alır.
Bundan başqa, İtaliyanın Milan Texniki Universiteti ilə memarlıq və dizayn ixtisası, İtaliyanın La Sapienza Universiteti ilə ekologiya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramlarının imzalanması üzərində iş aparılır.