ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universiteti: “Qış məktəbi”ndə təşkil olunan master-klasları əcnəbi tələbələr maraqla qarşılayırlar

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) pandemiya ilə əlaqədar onlayn platforma üzərindən gerçəkləşdirdiyi beynəlxalq “Qış məktəbi” layihəsi uğurla davam edir.

Əksəriyyəti Rusiya Federasiyasından olmaqla başqa ölkələrin universitetlərindən də 100-ə yaxın iştirakçının qatıldığı layihənin budəfəki mövzusu “Pandemiyadan sonra memarlıq və şəhər” adlanır.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Memarlıq fakültəsinin professor-müəllim heyəti tərəfindən master-klaslar təşkil olunub, Heydər Əliyev Mərkəzi, “YARAT” Müasir İncəsənət Mərkəzi, Bakı Ağ Şəhər, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı və digər məkanlara virtual səfərlər keçirilib. Layihənin proqramı əcnəbi tələbələr tərəfindən maraqla qarşılanır, onlar master-klaslarda və virtual səfərlərdə fəal iştirak edirlər.

İlk gündə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, layihənin koordinatoru İsa Muradov əcnəbi tələbələrlə tanışlıq xarakteri daşıyan virtual görüş keçiriblər. Növbəti günlərdə “Bakı Ağ Şəhər” layihəsinin inkişaf rəhbəri Fuad Verdiyev və Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyeva əcnəbi tələbələr qarşısında çıxış ediblər. Bundan başqa, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Dizayn kafedrasının müəllimi Fəridə Qasımova, memar İnarə Əzimzadə tərəfindən master-klaslar təşkil olunub.

“Qış məktəbi” layihəsi fevralın 13-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.