ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universiteti tələbələrinin Ağdam rayonuna səfəri təşkil olunub

Bakı, 19 may, AZƏRTAC

Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək!” devizi altında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə və müəllimlərindən ibarət 28 nəfərlik nümayəndə heyətinin Ağdam şəhərinə səfəri təşkil edilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, səfər zamanı tələbələrə Ağdam şəhərinin işğala qədərki vəziyyəti, memarlıq və şəhərsalma xüsusiyyətləri, tarixi-memarlıq abidələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, tələbələr işğaldan azad olunmuş ərazilərdə hazırda icrasına başlanılmış yenidənqurma və tikinti-quruculuq işləri, Ağdam şəhərinin yeni Baş planı ilə tanış olub, ermənilərin dağıtdığı abidələrin foto və videosunu çəkiblər. Layihənin növbəti mərhələsində məlumatlandırma-maarifləndirmə kampaniyasının qalibləri komissiya tərəfindən qiymətləndiriləcək, 1, 2 və 3-cü yerin sahibləri müəyyən ediləcək. Qalib olan gənc memar tələbələr qiymətli mükafatla, qalan iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaqlar.

Qeyd edək ki, “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin əsas məqsədi tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığının çoxaldılması, onların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması, bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.