ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Silahlı Qüvvələrin Hərbi Akademiyasının birgə təşkilatçılığı ilə “Maqnityumşaq ərintilərin informasiya texnologiyalarında və hərbi sənayedə tətbiqi perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Hərbi Akademiyanın yüksək rütbəli zabit heyəti, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından, elmi mərkəzlərdən, Rusiya və Ukrayna universitetlərindən görkəmli alimlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektor Gülçöhrə Məmmədova Hərbi Akademiya ilə əməkdaşlıq çərçivəsində keçirilən konfransı yüksək qiymətləndirib, gələcəkdə birgə fəaliyyətlərin genişləndirilməsini arzulayıb. Mövzunun aktuallığına diqqət çəkən rektor gənc mütəxəssisləri konfransın bölmə iclaslarında, müzakirələrdə fəal olmağa səsləyib.

Plenar iclasda təbrik nitqi ilə çıxış edən Hərbi Akademiyanın tədris işləri üzrə rəis müavini, polkovnik Arzu İsmayılov son illər ərzində elmi-texniki tərəqqinin günümüzün reallığına çevrildiyini, bütün sahələrə, o cümlədən hərb sahəsinə nüfuz etdiyini bildirib. Ölkə rəhbərliyinin elmin, texnikanın inkişafına xüsusi önəm verdiyini, bu məsələni dövlətin perspektiv inkişafının prioritet istiqamətlərindən biri kimi qəbul etdiyini söyləyib. O, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin əks olunduğu hərbi texnikanın bütün döyüş potensialının üzə çıxarılması işinin onu hərəkətə gətirənlərin yüksək elmi bilikləri ilə mümkün olduğunu deyib.

Qazaxıstanlı alim Anqışın Seytmuratov və Milli Aviasiya Akademiyasının kafedra müdiri, akademik Bahadır Tağıyev konfransın yüksək şəkildə təşkil olunduğunu bildirib, işinə uğurlar arzulayıblar.

Konfransın plenar iclasında AzMİU-nun Fizika kafedrasının Metal və ərintilər fizikası elmi-tədqiqat laboratoriyasının rəhbəri, professor Tahir Pənahov “Metallar fizikası elminin informasiya texnologiyalarında və hərbi sənayedə tətbiqinin perspektiv istiqamətləri”, Rusiya Elmlər Akademiyasının müxbir üzvü İbrahimxan Kamilov və AMEA-nın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru Mətanət Mehrabovanın məruzələri dinlənilib.

Konfrans işini bölmələrdə davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.