Memarlıq və İnşaat Universitetində buraxılış işlərinin müdafiəsinə başlanılıb
AzerTAg.az
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bakalavriat səviyyəsində fakültələrdə 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin müdafiəsi başlanır.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, iyunun 16-dan başlanan buraxılış işlərinin müdafiəsi iyulun 4-nə qədər davam edəcək, ondan sonra magistr dissertasiyalarının müdafiəsi başlayacaq. Müdafiə günləri qruplar üçün təyin edilmiş qrafik üzrə yerinə yetirilir. IV kursda təhsil alan 302 tələbədən 270 nəfəri buraxılış işinin müdafiəsinə buraxılıb. Onlardan 207-si memarlıq, 93 nəfəri isə dizayn ixtisasında təhsil alanlardır.
Memarlıq fakültəsində bakalavr tələbələrin buraxılış işlərinin müdafiəsinə tərkibi 7 nəfərdən ibarət Dövlət Attestasiya Komissiyası nəzarət edir. Komissiyanın sədri Əməkdar memar Akif Abdullayev, üzvləri Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, Memarlığın əsasları kafedrasının müdiri professor Nizami Nağıyev və başqalarıdır. Buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələr komissiya üzvlərini məlumatlandırır, 7-8 dəqiqəlik çıxışlarının sonunda müəllimlərin suallarını cavablandırır, opponentlər tərəfindən müsbət rəy alırlar.



Xəbərin mətnində orfoqrafik səhv var