ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetində tədbir: Xocalı – yaram mənim
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Xocalı - yaram mənim” adlı tədbir keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Tələbə Gənclər Təşkilatının sədri Ülkər Həsənova Xocalı hadisələrinin tariximizin qanlı səhifəsi olduğunu, bu dəhşətli soyqırımının yaddaşımızdan silinməyəcəyini deyib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının keçirildiyini xatırladan Ü.Həsənova belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Qarabağ qazisi Kamil Musəvi çıxışında Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib və onları vətənpərvər kimi ayıq-sayıq olmağa səsləyib.
Xocalı hadisələrinin şahidi Xəlil Vəliyev o məşum gecədə gördüyü dəhşətlərdən, ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.
Sonra 300 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər, Azərbaycan Yazıçılar Birliyi Qubadlı regional dairəsinin dərnək üzvləri Xocalı soyqırımı ilə bağlı səhnəcik nümayiş etdiriblər.
Sonda “Yara” filmi nümayiş olunub.