CƏMİYYƏT
Memarlıq və İnşaat Universitetinin tələbələri Seysmoloji Xidmət Mərkəzində istehsalat təcrübəsi keçirlər
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) arasında imzalanmış Memoranduma əsasən fevralın 16-dan etibarən universitetin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri RSXM-də istehsalat təcrübəsi keçirlər.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tərtib olunmuş İstehsalat Təcrübəsi planına əsasən, tələbələr mayın 17-də RSXM-in “Qobu” seysmik stansiyasında olublar.
Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev tələbələri seysmik stansiyanın iş prinsipi, istifadə olunan cihaz və avadanlıqlarla tanış edib. Seysmik stansiya ilə yerində tanışlıq tələbələr üçün maraqlı olub və onlarda müxtəlif suallar yaradıb. Suallar yerində cavablandırılıb.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kafedrasının dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Emil Qafarov da iştirak edib.
İstehsalat təcrübəsi mayın 25-nə qədər davam edəcək.
Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında təhsil, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair Memorandum ötən il yanvarın 15-də imzalanıb.