ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetinin yataqxanasına 200-dən çox tələbə yerləşdiriləcək
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə həmkarlar ittifaqı komitəsi avqustun əvvəllərindən etibarən yeni qəbul olan tələbələrin yataqxanaya qeydiyyatını həyata keçirir.
AZMİU-dan AZƏRTAC-a bildirilib ki, bununla bağlı tələbə həmkarlar ittifaqı komitəsi tərəfindən yataqxanaya ehtiyacı olan tələbələrin müraciətlərinə baxılır. İndiyədək həmkarlar ittifaqı komitəsinə 1000-dək tələbə müraciət edib. Onların arasında birinci kurslarla yanaşı, yuxarı kursların da tələbələri var. Maddi imkanı çox zəif, şəhid ailələrinin övladları və valideyn himayəsindən məhrum olan tələbələrə üstünlük verilir və onlar yataqxana ilə təmin edilirlər.
Qeyd edək ki, universitetin yataqxanası beş korpusdan ibarətdir. Yataqxananın dörd korpusunda hazırda məcburi köçkünlər məskunlaşıb. Yalnız bir korpus tələbələrin ixtiyarındadır. Tələbələrin ixtiyarında olan korpusda isə universitet hər il 252 tələbə yerləşdirə bilir.