ELM VƏ TƏHSİL


Məməlilərdə təkamül prosesi onların südünün tərkibinə görə araşdırılıb

Bakı, 11 iyul, AZƏRTAC

İnsanın və məməlilərin bir neçə növünün südlərinin müqayisəsi alimlərə belə bir fərziyə irəli sürməyə imkan verir ki, beyin quruluşunun mürəkkəbliyindən asılı olaraq südün tərkibi dəyişə bilər. Rusiyanın Skolkovo Elm və Texnologiyalar İnstitutunun mətbuat xidmətinin məlumatına görə, bu barədə “BMC Evolutionary Biology” elmi jurnalında yazılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəllifi Aleksandra Mitina deyib: “Təkcə primatların və inəklərin südü arasında deyil, tamamilə gözləniləndir ki, insan və meymun südləri arasında da fərq mövcuddur. Bu o deməkdir ki, süd də təkamül edir, onun tərkibi isə orqanizmin tələbatındakı, eləcə də inkişaf edən beyindəki dəyişikliyi əks etdirir”.

Böyümək və inkişaf üçün lazım olan bütün qida maddələrini məməlilərin balaları ana südündən götürür. Ayrı-ayrı canlılarda yaşayış mühitindən və fizioloji tələbatdan asılı olaraq südün tərkibi fərqlənir. Balalar böyüdükcə də süd dəyişir.

Süd zülal, quru və mineral maddələr, laktoza, habelə yağlardan (onları lipidlər də adlandırırlar) ibarətdir. Sonuncu uşaq üçün nəinki enerji mənbəyi, həm də hüceyrə membranlarının struktur komponentidir. Beyinin formalaşmasında bu, xüsusən vacibdir. Beləliklə, südün tərkibinin təkamülü beyinin təkamülü ilə paralel gedə bilər və məməlilərin südündə növarası fərq alimlərdə xüsusi maraq doğurur.

Başda Filipp Xaytoviç olmaqla Skolkovo Elm və Texnologiyalar İnstitutunun alimləri bu ideyanı rəhbər tutaraq insan, iki növ makaka meymunu, inək, donuz, keçi və yakın südündən lipidləri analiz edib, onun tərkibini 472 komponent üzrə müqayisə ediblər.

Nəticələr göstərib ki, insan südündə meymundan fərqli olaraq, böyük miqdarda polidoymamış yağ turşuları var ki, bu da sinir sisteminin fəaliyyətində mühüm rol oynayır. Alimlərin fikrincə, primatlarda və insanlarda laktasiya dövrünün uzun olduğunu nəzərə alaraq demək olar ki, südün tərkibindəki bu fərq inkişaf edən beyinin tələbatına uyğunlaşma ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.