ELM VƏ TƏHSİL
Məmməd Araz Azərbaycan poeziyasının qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında XX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunan poeziya günü keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, onun həqiqi milli düşüncəyə və yüksək vətəndaşlıq mövqeyinə malik olduğunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Böyük sənətkar hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb.
Sonra rayonun Köhnəbazar kənd orta məktəbinin müəllimi, şairə Yadigar Təvəkkül şairin yaradıcılığının müxtəlif aspektləri barədə məlumat verib. Ümumtəhsil müəssisələrinin şagirdləri Məmməd Arazın poeziyasından nümunələr söyləyib, onun şeirlərinə bəstələnən mahnılar ifa ediblər.
Tədbirdə, həmçinin böyük sənətkarın həyatının mühüm məqamlarını əks etdirən videoçarx nümayiş olunub.
Sonda Məmməd Arazın seçmə əsərlərinin səsləndirilməsində fərqlənən şagirdlər Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanı və şairin kitabları ilə mükafatlandırılıblar.