MƏDƏNİYYƏT


Məmməd Səid Ordubadinin 150 illiyi münasibətilə tədbir keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli yazıçı, şair, dramaturq Məmməd Səid Ordubadinin anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşı Günel Eyvazova Məmməd Səid Ordubadinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Məmməd Səid Ordubadi yalnız Azərbaycanda deyil, türk dövlətlərində, yaxın və orta Şərqdə tanınmış söz ustadlarından biri idi: “M.S.Ordubadi “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” adlı məşhur romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi olub. Onun mətbuatda çıxan ilk şeirlərindən başlayaraq 1905-ci il birinci Rus inqilabınadək şeirlərində əsas ideya cəmiyyətdə mədəni geriliyə qarşı mübarizə, qəflət və cəhalətin tənqidi, eyni zamanda elmin, maarifin, qabaqcıl mədəniyyətin təbliği olub. Bütün yaradıcılığı boyu M.S.Ordubadinin yeganə məqsədi xalqa xidmət etməkdən, eləcə də öz xalqını azad və xoşbəxt görmək üçün çalışmaqdan ibarət idi”, - deyə kitabxananın əməkdaşı bildirib.

Qeyd edək ki, kitabxanada görkəmli ədibin yaradıcılığına həsr edilmiş sərgi də təşkil edilib. Sərgidə yazıçının məşhur kitabları nümayiş olunub.

Sonda tədbirdə fəal iştirak edən oxucular kitabxana tərəfindən fəxri fərmanla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.